Şərt və Müddəalar

Elektron vizanın verilməsi bağlı şərtlər:


  1. Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi icazəsi olmadan səyahət etmiş şəxslərin elektron viza alıb-almamasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisinə daxil olmasına icazə verilməyəcək.
  2. Elektron vizalar yalnız Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıya daxil olan ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir.
  3. İkili və ya daha çox vətəndaşlığı olan müraciətçilər nəzərə almalıdır ki, elektron vizanın alınması ilə bağlı müraciət edilərkən istifadə etdikləri səyahət sənədi səyahət zamanı təqdim edilən səyahət sənədindən fərqli olarsa, elektron viza etibarsız hesab edilir.
  4. Azərbaycan Respublikasının ərazisində olan səyahətçilər elektron viza üçün müraciət edə bilməz.
  5. Müraciətçinin səyahət sənədinin etibarlılıq müddəti elektron vizanın müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır.
  6. Standart elektron viza 3 iş günü müddətində verilir. Təcili vizalar, bir qayda olaraq, 3 saat ərzində verilir.
  7. Elektron viza Azərbaycan ərazisində 30 günədək qalmaq imkanı verir. Viza göstərilmiş etibarlıq müddətində istifadə edilməlidir (bir qayda olaraq təqdim edildiyi tarixdən etibarən 90 gün). Elektron viza etibarlıq müddəti ərzində istifadə olunmazsa, qüvvədən düşür.
  8. Elektron vizanın alınması ilə bağlı müraciət edən şəxslər daxil etdikləri məlumatlarının və səyahət sənədinin fotoşəkil olan səhifəsinin skan edilmiş surətinin doğruluğuna görə şəxsən məsuliyyət daşıyırlar. Vizanın verilməsi sistemi bu səhifəni oxuya bilmirsə, viza müraciəti təsdiq edilməyəcək və ödənilən vəsait geri qaytarılmayacaq.
  9. Ödəniş edildikdən sonra ödənilmiş vəsaitin geri qaytarılması mümkün deyil, bu səbəbdən müraciətçilər məlumatları, o cümlədən ödəyəcəkləri məbləği diqqətlə yoxlamalıdırlar.
  10. Elektron viza (verilməsi və ya verilməsindən imtina) ilə əlaqədar bütün bildirişlər şəxsin müraciət prosesində qeydiyyatdan keçirdiyi elektron ünvanına göndərilir, bu səbəbdən bu ünvanın düzgün göstərilməsi vacibdir.
  11. Səhv və tam olmayan məlumatlar daxil edildikdə və ya ödənişlər düzgün həyata keçirilmədikdə elektron vizanın alınması ilə bağlı müraciət qəbul edilmir.
  12. Elektron viza üçün müraciət təsdiq edilməzsə, ödənilən vəsait heç bir halda geri qaytarılmır. Bununla belə, bu halda vizanın alınması üçün Azərbaycan Respublikasının müvafiq konsulluğuna və ya digər diplomatik nümayəndəliyinə yenidən müraciət etmək mümkündür – bu zaman müraciət üçün yenidən ödəniş edilməlidir.
  13. Elektron viza səyahətdən öncə aydın və müvafiq formatda çap edilməlidir (QR/barkodların maşınla oxunması üçün kifayət qədər keyfiyyətli olan rəngli formatda). Çap edilmiş elektron viza Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla/səyahət sənədi ilə birgə təqdim olunur, səyahət müddətində saxlanılır və ölkəni tərk edərkən yenidən yoxlanılır.
  14. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikasına daxil olmaq qadağan edildikdə, elektron viza bu qadağanı ləğv etmir.
  15. Elektron vizada göstərilən qalma müddəti bitənədək səyahətçinin ölkədə müvəqqəti olma müddəti rəsmi şəkildə uzadılmamışdırsa, yaxud ona müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, o, Azərbaycan Respublikasının ərazisini tərk etməlidir.
  16. Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatdan keçmədən 10 gündən artıq qalmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb ediləcək. Müvafiq şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində səyahətçinin müvəqqəti olaraq yaşadığı yaşayış yeri (otel, sanatoriya, kurort, hospital və s.) üzrə və ya fərdi ev və ya mənzilin sahibi vasitəsilə qeydiyyatdan keçməlidir. Bu xidmət üçün heç bir dövlət rüsumu tələb edilmir.
  17. Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq, ilk öncə əmək vizası almalıdırlar. Elektron viza əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq hüququ vermir.
  18. Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri üçün jurnalist fəaliyyəti ilə məşğul olmaq istəyən səyahətçilər (müxbirlər, operatorlar və s.) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində müvafiq akkreditasiyadan keçməlidir. Müvafiq şəxs akkreditasiyadan keçdikdən sonra elektron viza almaq üçün müraciət edə bilər. Bununla belə, müvafiq akkreditasiyadan keçmədən elektron viza alaraq Azərbaycan Respublikasının ərazisində jurnalist fəaliyyəti ilə məşğul olan və bu məqsədlə çəkiliş aparan şəxslərə verilmiş viza ləğv edilir və onlar ölkə hüdudlarından kənara çıxarılırlar.
  19. Müraciət və ya ödəniş prosesində hər hansı texniki problemlərin yaranması ehtimalı az olsa da, belə hallar baş verdikdə [email protected] e-poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlayın.